start page-title -->

Xəbərlər

Yeniliklərlə tanış olun.

Avropa Ədalət Mühakiməsi Gününə həsr olunan Cübbələr sərgisi keçirilir

Avropa Ədalət Mühakiməsi Gününə həsr olunan Cübbələr sərgisi keçirilir

Azərbaycan Respublikasının Vəkillər Kollegiyası və Azərbaycan Respublikası Ali Məhkəməsinin birgə təşkilatçılığı ilə Bakıda “Avropa Ədalət Mühakiməsi Günü”nə həsr olunan ədalət mühakiməsi rəmzlərinin sərgisi keçirilir.

Ali Məhkəmənin inzibati binasında təşkil olunan sərgidə Vəkillər Kollegiyasının üzvü Kamandar Nəsibovun şəxsi kolleksiyasında yer alan dünyanın müxtəlif ölkələrindən gətirilmiş 100-dən çox vəkil və hakim cübbəsi, atributlar, Xətai Rayon Məhkəməsinin sədri Rəşid Rzayevin şəxsi kolleksiyasına aid olan vəkillik və ədliyyə tarixinə dair medallar, ordenlər, döş nişanları, markalar və pul əsginasları nümayiş olunur.

Vəkillər Kollegiyasının üzvü Kamandar Nəsibov deyib ki, kolleksiyada dünyanın bir çox ölkələrindən hakim, vəkil və dövlət ittihamçılarının cübbələri nümayiş olunur. Ekspozisiyada Azərbaycan Xalq Cümhuriyyəti dövründən indiyədək qorunub saxlanılan atributlar və cübbələr mövcuddur. Burada ədalət mühakiməsi ilə bağlı olan atributlar da yer alır. Bu nadir cübbələr Ali Məhkəmə, Konstitusiya Məhkəməsi, ölkəmizin rayon və şəhər məhkəmələrindən gətirilib. Həmçinin Afrika və Avropa ölkələrinin məhkəmələrindən gətirilən müxtəlif atributlar da nümayiş etdirilir.

Onun sözlərinə görə, sərginin məqsədi hüquq mədəniyyətinin təbliği, gənclərə bu sahə və anlayışla bağlı məlumat verməkdir: “Burada nümayiş olunan hər bir cübbənin öz tarixi var. Keçmiş Sovet İttifaqı dövlətlərinin çoxunda hazırda belə cübbələrdən istifadə olunmur. Vəkillər Kollegiyasının sədri Anar Bağırov beynəlxalq tədbirlərdə cübbə geyinərək çıxış edib. Bundan əvvəl eyni sərgi Muzey Mərkəzində də keçirilib. Bu sərgilərdən sonra bizə xarici ölkələrdən müraciətlər olur. Bir çox ölkələrdə, o cümlədən qonşu dövlətlərdə vəkillər cübbədən istifadə etmir, ona görə də bizə müraciət edirlər. Bəzi ölkələrdə bu məsələ hələ qanunvericiliklə müəyyənləşdirilməyib və bununla bağlı müzakirə aparılır. Biz bu sərgini keçirməklə məhkəmə mühakiməsində cübbənin çox böyük rolunu ictimaiyyətin diqqətinə çatdırmaq istəyirik”.

Azertac