
Alyansın sədri: "Vəkillər Kollegiyası Azərbaycanda vəkillik institutunun nüfuzunu artırıb"
Bakıda “Kamandar Nəsibov və Partnyorları” Vəkil Bürosunun rəsmi açılış mərasimi baş tutub.
525.az xəbər verir ki, mərasimdə Vəkillər Kollegiyasının rəhbərliyi, Milli Məclisin deputatları, Ədliyyə Nazirliyinin rəhbərliyi, məhkəmə-hüquq sisteminin əməkdaşları iştirak ediblər.
Tədbirdə çıxış edən Vəkillər Kollegiyasının sədri Anar Bağırov bildirib ki, ölkəmizdə aparılan məhkəmə-hüquq islahatları vəkilliyin uğurlu inkişafında da özünü biruzə verir.
"Son illər ərzində həm Bakıda, həm regionlarımızda xeyli sayda yeni vəkil büroları açılıb. Son 3 il ərzində vəkil bürolarının sayı 3 dəfə artıb. Hazırda ölkəmizdə 110 vəkil bürosu fəaliyyət göstərir. Vəkillərin sayı 2,5 dəfə artıb. Bu gün Azərbaycanda 2 mindən çox vəkil fəaliyyət göstərir. Bu müsbət tendensiya davam edir. Yeni vəkil bürolarında bütün müasir şərait yaradılıb. Vəkillərin vətəndaşlarla konfidensial şəraitdə görüşməsinə şərait yaradılıb. Bütün bunlar onu deməyə əsas verir ki, ölkədə keyfiyyətli, peşəkar, yüksək ixtisaslı hüquqi yardım sahəsində çox böyük irəliləyiş var", - deyə o qeyd edib.
Daha sonra çıxış edən Azərbaycan-Ukrayna Beynəlxalq Alyansının sədri Elmar Məmmədov da son illərdə vəkillik sahəsində çox ciddi irəliləyişlər əldə olunduğunu deyib:
"Anar Bağırovun sədrliyi ilə Vəkillər Kollegiyasının həyata keçirdiyi işlər Azərbaycanda vəkillik institutunun nüfuzunu artırıb. Bu işlər sırasında müasir tələblərə cavab verən vəkil bürolarının açılmasını da qeyd etmək lazımdır. Çünki burada vətəndaşlara keyfiyyətli hüquqi yardımın göstərilməsi üçün lazım olan bütün şərait yaradılıb. Hazırda Azərbaycanda vətəndaşlarımızın hüquqlarının peşəkar müdafiəsinin təmin edilməsi yönündə dövlət tərəfindən ciddi və böyük tədbirlər görülür, irimiqyaslı layihələr icra edilir. Təbii ki, hər zaman Azərbaycan dövlətinin əsas məqsədi öz vətəndaşlarının hüquq və azadlıqlarını qorunmaq olub. Bu azadlığın qorunması da bizim peşəkar, savadlı vəkillərimizin üzərinə düşür".
Daha sonra çıxış edən millət vəkili Bəhruz Məhərrəmov və digər qonaqlar çıxış ediblər.
Vəkillər Kollegiyasının sədri Anar Bağırov, Rəyasət Heyətinin üzvü Muxtar Mustafayev, “Mirzayev and Partners Legal Firm” hüquq şirkətinin rəhbəri, hüquq elmləri üzrə fəlsəfə doktoru, vəkil Şaiq Mirzəyev və “Kamandar Nəsibov və Partnyorları” Vəkil Bürosunun müdiri Kamandar Nəsibov Azərbaycan-Ukrayna Beynəlxalq Alyansının sədri Elmar Məmmədov tərəfindən Azərbaycan və Ukrayna vətəndaşlarının hüquqlarının qorunmasında xidmətlərinə görə "Ədalət" ordeni ilə təltif olunublar.
Qeyd edək ki, “Kamandar Nəsibov və Partnyorları” Vəkil Bürosu 2021-ci ilin aprel ayından etibarən yeni ofisində fəaliyyət göstərir. Büronun rəhbəri və təsisçilərindən biri tanınmış vəkil və 1993-ci ildən vəkillik fəaliyyəti ilə məşğul olan Kamandar Nəsibovdur.