Dünya Vəkil Cübbələri və Atributları
Müasir dövrdə ədalət mühakiməsi sisteminin təməli sayılan hakim, prokuror və vəkillər bir qayda olaraq məhkəmə proseslərində xüsusi geyim formasında cübbədə (mantiyada) iştirak edirlər. Cübbə ərəb mənşəli sözdür və mənası üstdən geyinilən, uzun ətəkli, enli, düyməsiz geyimdir. Yunan mənşəli mantiya sözü də eyni mənadadır.
Vəkil (eyni zamanda hakim) sözünün də ərəb mənşəli olduğunu nəzərə alaraq, gələcəkdə “vəkil mantiyası” əvəzinə, “vəkil cübbəsi” ifadəsinin işlədilməsi daha məqsədəuyğundur. Cübbə sözü türkdilli xalqlarda da geniş istifadə olunur.
Əsasən qara rəngin üstünlük təşkil etdiyi cübbələr adi geyim forması olmamamaqla vicdanın və tərəfsizliyin simvolu kimi qəbul olunur. Qara rənginin içində heç bir rəngin olmaması isə ədaləti təmsil etməsidir. Bu səbəbdən vəkil cübbələri arasında qara rəngə daha çox üstünlük verildiyini rahatlıqla görə bilərik.
Vəkil cübbələrinin tarixinə baxıldığı zaman onun bir çox mərhələlərdən keçdiyini görə bilərik.
Mantiyanın ilk olaraq Qədim Romada qarşımıza çıxmasının səbəbi o dövrdə vəkillərin şəhərləri gəzərək haqqını tələb edən insanlara köməklik göstərməsi ilə bağlı olmaqla yuxarı sinfin diqqətini çəkmək üçün qara rəngli geyimə zərurət yaranmışdır.
Orta əsrlər Almaniyasında günümüzdə ən etibarlı peşələrdən olan vəkilliyə münasibət fərqli idi. Nüfuzu olmayan, hüquq təhsili almayan vəkillər oxuyub-yazmağı bacara bilməyən insanlara məhkəmə çəkişmələrində və idarələrdə ödənişli əsaslarla hüquqi xidmətlər göstərirdilər. 1726-cı ildə vəkillərə mantiya geyinməyi məcbur edən qərarnamə qəbul edilmişdir. Həmin qərarnamədə deyilirdi: “Vəkillər dizlərini örtən uzunluqda qara mantiya geyinməlidirlər.
Avropanın digər ölkələrindən olan Fransa və İngiltərədə isə 1574-1715-ci illərdə vəkillər birlik formasında təşkilatlanmışdılar və şəxs ora qəbul zamanı and içməli, xüsusi parik taxmalı və mantiyadan istifadə etməli idi.
Çar Rusiyasında vəkillər (daimi nümayəndə) doş nişanları daşıyırdılar. Rusiya İmperiyasında daimi nümayəndələrin sayı məhdud idi, 1917-cii ilə cəmi 13 min nəfər qeydə alınmışdı. Azərbaycan 1918-ci ilə qədər Rusiya İmperiyasının tərkibində olduğu üçün eyni qanun və qaydalar keçərli idi.
Azərbaycan Demokratik Respublikası və Sovet Hakimiyyəti dövrlərində vəkillər heç bir xüsusi geyim istifadə etməmişlər.
Ölkə tarixində ilk dəfə, 1999-cu ildə Azərbaycan Respublikasının eks Prezidenti, Ulu Öndər Heydər Əliyev cənablaırnın göstərişi ilə hazırlanmış və qabul olunmuş “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanunla vəkil cübbəsinin tətbiqi qüvvəyə minmişdir.